İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında yerləşən "İsmayıllı-1" Kiçik Su Elektrik Stansiyası (KSES) istismara verildiyi tarixdən bu il iyulun 1-dək 39,8 milyon kVt-saat elektrik enerjisi istehsal edib.
Renewables.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, "İsmayıllı-1" KSES bərpa olunan və ekoloji baxımdan təmiz enerji mənbəyi olan su enerjisindən istifadə edir.
Kiçik su elektrik stansiyaları elektrik enerjisinin bərpa olunan mənbələr hesabına istehsalına, enerji mənbələrinin şaxələndirilməsinə və enerji istehsalının ətraf mühitə təsirinin azaldılmasına töhfə verir.
Xatırladaq ki, "İsmayıllı-1" KSES açılışı 2013-cü il avqustun 14-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Hər birinin gücü 0,527 MVt olan 3 hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1,581 MVt təşkil edir.