İlham Əliyev: 2032-ci ilə qədər əlavə 7-8 giqavat günəş və külək enerjisinə sahib olacağıq

AZƏRBAYCAN

image

Bizim azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpaolunan enerjiyə investisiya yatırılması və investisiya cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

"Söylədiyim kimi, 2 giqavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən - anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən, 2032-ci ilə qədər biz əlavə 7-8 giqavat Günəş və külək enerjisinə sahib olacağıq. Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumat mərkəzlərindən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaq. Üstəlik, bu, etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək. Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trampın irəli sürdüyü və onun adını daşıyan, Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIPP layihəsi - Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu vasitəsilə ötürücü xətlərin, mövcud olanlardan əlavə, yeni ötürücü xətlərin çəkilməsidir", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev həmçinin bildirib ki, bp şirkəti 2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində 240 meqavatlıq Günəş enerji stansiyasının yaradılmasında iştirak edir: "Səngəçalda ən böyük neft-qaz terminalının karbonsuzlaşdırılması da bp tərəfindən yaşıl gündəliyə böyük töhfədir". 



OXŞAR XƏBƏRLƏR