8-9 dekabr tarixlərində Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan İnnovasiyalar Mərkəzində “Yaşıl enerji zonaları: konseptual yanaşmalar, ilkin nəticələr və çağırışlar” mövzusunda tədbir keçirilib.
Renewables.az-a bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Yaşıl enerji zonaları” mövzusunun Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində xüsusi yer tutduğunu diqqətə çatdıraraq vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər bu istiqamətdə yeni mərhələ açır. Dövlət Proqramında bərpaolunan enerji mənbələrinin inkişafı və “Yaşıl enerji zonası”nın yaradılması regionun strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edilib. Proqramda Naxçıvanın Günəş və külək enerjisi potensialından səmərəli istifadənin genişləndirilməsi, enerji istehsalında bərpaolunan mənbələrin payının artırılması, enerji təminatının dayanıqlılığının və müstəqilliyinin gücləndirilməsi əsas məqsədlər sırasında yer alır. Eyni zamanda, Dövlət Proqramında yaşıl enerji layihələrinin regionun sənaye, kənd təsərrüfatı, nəqliyyat və sosial infrastrukturunun inkişafı ilə uzlaşdırılması, eləcə də ekoloji tarazlığın qorunması prioritet vəzifə kimi ortaya qoyulub ki, bu da Naxçıvanın uzunmüddətli və inklüziv inkişaf modelinin formalaşmasına xidmət edir. Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı bərpaolunan enerji layihələrinin həyata keçirilməsi məqsədilə dünyanın aparıcı yaşıl enerji sahəsində fəaliyyət göstərən şirkətlərilə tərəfdaşlıq müqavilələri bağlanılıb.
Daha sonra çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə müəyyənləşdirilən enerji strategiyasının hədəfində 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının gücünü 30 faizə çatdırmaq olduğunu bildirib.
Qeyd edib ki, strategiyanın tərkib hissəsi olaraq Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasında da “Yaşıl enerji zonası”nın yaradılması, bərpaolunan enerji mənbələrindən daha səmərəli istifadə, istehsal edilən enerjinin ixracı istiqamətində mühüm addımlar atılacaq.
Naxçıvanın çox böyük Günəş enerjisi potensialı olduğunu vurğulayan Cavid Abdullayev bildirib ki, Naxçıvanda bərpaolunan enerjiyə dair ərazilər aidiyyəti üzrə müəyyən olunub və torpaqayırma prosesləri gedir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 688 hektar torpaq sahəsi Naxçıvanda bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən olunub və gələn il, ümumilikdə, 50 meqavat gücündə iki stansiyanın inşası nəzərdə tutulur.
Sonra Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndəsi Emil Kərimzadə “Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası konsepsiyası” mövzusunda məruzə edib, Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi, muxtar respublikada yeni elektrik stansiyalarının inşası və enerji ixracı layihələrinin icrası ilə bağlı görüləcək işləri diqqətə çatdırıb.
İki gün davam edən tədbirdə “Yaşıl enerji zonası konsepsiyası Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı kontekstində”, “İnfrastruktur layihələr “Yaşıl enerji zonası”nın tərkib hissəsi kimi”, “Yaşıl enerji zonası və regional enerji dəhlizləri” və “Yaşıl enerji sahəsində investisiya layihələri” panel müzakirələri aparılıb.
