Nazir: Bərpa olunan enerji payının 2035-ci ilədək 43 faizə çatdırılması məqsədilə şəbəkə tədqiqatları yekunlaşmaq üzrədir

AZƏRBAYCAN

image

Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Bakı Enerji Forumunda “Dayanıqlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxış edib.

Renewables-a bu barədə Energetika Nazirliyindən bildirilib.

Çıxışda qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Xəzər regionunun qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verən bu platforma hazırda yaşıl enerji tərəfdaşlıqları və Azərbaycanın investor kimi iştirakı ilə yeni strateji mərhələyə qədəm qoyub. Qlobal enerji bazarlarında müşahidə olunan çağırışlara toxunularaq bildirilib ki, son dövrlərdə baş verən geosiyasi hadisələr və təchizat riskləri enerji təhlükəsizliyi məsələsini, bu yeni reallıqda ölkəmizin rolunu daha da aktuallaşdırıb. “Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlarla birləşdirən Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və regional bağlantılar qovşağına çevirən mühüm strateji aktordur. Əgər XX əsrdə enerji gücü əsasən hasilatla ölçülürdüsə, XXI əsrdə bu gücü müəyyən edən əsas amillər təhlükəsiz marşrutlar, bağlantılar və etibarlı tərəfdaşlıqlardır. Azərbaycan isə bu üstünlükləri özündə birləşdirən nadir ölkələrdən biridir”, - deyə nazir bildirib.

Nazir qeyd edib ki, neft və qaz sektorunda qlobal investisiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın hasilat sənayesi yeni inkişaf mərhələsinə daxil olur. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması, “Qarabağ” neft yatağı, “Şahdəniz Kompressiya”, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” II mərhələsi və “Bahar-Qum dəniz” layihələri, həmçinin quruda və dənizdə aparılan kəşfiyyat layihələri, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada SOCAR-ın investisiyaları ölkəmizin uzunmüddətli etibarlı enerji təchizatçısı mövqeyini daha da möhkəmləndirəcək. Ötən il Avropa İttifaqının boru kəməri ilə qaz idxalının 8,1 faizinin Azərbaycanın payına düşdüyü vurğulanaraq bildirilib ki, ötən il və bu ilin ilk 4 ayında Avropa 16,7 milyard kubmetr, Türkiyə 12,8 milyard kubmetr, Gürcüstan 3,3 milyard kubmetr, Suriya isə 800 milyon kubmetr Azərbaycan qazı ilə təchiz edilib.

Nazir Pərviz Şahbazov enerji keçidinin qlobal enerji təhlükəsizliyinin əhəmiyyətini azaltmadığını vurğulayaraq bildirib ki, nəqliyyat, sənaye və kimya sektorlarında neft uzun müddət mühüm rol oynamaqda davam edəcək. Süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın təsiri ilə elektrik enerjisinə tələbatın sürətlə artması isə təbii qazın enerji balansındakı strateji mövqeyini qoruyub saxlayır. Bununla yanaşı, enerji keçidi kritik minerallar və dayanıqlı təchizat zəncirlərinin əhəmiyyətini artıraraq enerji təhlükəsizliyini milli təhlükəsizliyin əsas elementlərindən birinə çevirir.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, neft-qaz və bərpa olunan enerji resurslarının balanslı inkişafına, enerji marşrutlarının və bağlantılarının şaxələndirilməsinə əsaslanan enerji siyasəti müasir qlobal çağırışlarla tam uzlaşır. Bu siyasət ölkəyə həm enerji təhlükəsizliyinə töhfə verməyə, həm də yaşıl enerji gündəliyini uğurla həyata keçirməyə imkan yaradır. Qeyd olunub ki, Azərbaycanın 2032-ci ilədək 8 QVt bərpa olunan enerji güclərinin yaradılması planı uğurla icra olunur. Bu güclərin 2 QVt-lıq hissəsinin gələn il milli enerji sisteminə inteqrasiyası tamamlanacaq. Bərpa olunan enerjinin payının 2035-ci ilədək 43%-ə çatdırılması məqsədilə şəbəkə tədqiqatları isə yekunlaşmaq üzrədir. Həmçinin bildirilib ki, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının bu ilin iyul ayında tamamlanması gözlənilir. “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının isə 2027-ci ilin mayında yekunlaşdırılması planlaşdırılır. “Azərbaycan və Türkiyənin strateji birliyi və liderliyi ilə “Azərbaycan-Türkiyə Enerji Qovşağı” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələri də aktiv icra mərhələsinə daxil olub. Xüsusilə, dövlət başçısının regiona sülh gətirən və onu bağlantılar vasitəsilə möhkəmləndirən siyasətinin nəticəsi olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa enerji arxitekturasının formalaşması üçün strateji zəmin yaradır.” - deyə nazir əlavə edib.

Renewables.az Renewables.az Renewables.az


OXŞAR XƏBƏRLƏR