Türkiyə "elektrikin TANAP-ı" layihəsini COP31-də imzalarla rəsmiləşdirmək istəyir

11 sentyabr 2026, 17:36 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi

Bu ilin 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim konfransında "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə müqavilə imzalana bilər.

Renewables.az Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bunu türkiyəli nazir Alparslan Bayraktar bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunun açılışında deyib.

Layihəni "elektrikin TANAP-ı" adlandıran nazir bildirib ki, layihəyə yalnız infrastruktur təşəbbüsü kimi deyil, qarşılıqlı faydaya əsaslanan və uzunmüddətli regional enerji əməkdaşlığının təməlini təşkil edən strateji addım kimi baxılır: “Bu dinamikanın qorunmasını və layihənin mümkün qədər qısa müddətdə növbəti mərhələyə keçirilməsini arzulayırıq”, – Bayraktar deyib.

O qeyd edib ki, Türkiyə COP31 çərçivəsində layihə ilə bağlı sənədlərin imzalanmasını istəyir: “Türkiyə olaraq həm infrastrukturumuz, həm də strateji mövqeyimizlə enerjidə regionumuzun ən mühüm mərkəz ölkələrindən biriyik. Bu interkonneksiya layihələrini yeni təşəbbüslərlə dəstəkləyərək regional enerji infrastrukturumuzu şaxələndirir, iki ölkənin, regionun və Avropanın enerji təchizatı təhlükəsizliyinə töhfə verməyə davam edirik”, – nazir vurğulayıb.

Forumdan sonra jurnalistlərin suallarını cavablandıran Bayraktar bildirib ki, dünyanın sürətlə elektrikləşdiyi bir dövrdə Türkiyə-Azərbaycan münasibətlərində elektrik enerjisinin rolu da getdikcə artır.

Onun sözlərinə görə, hazırda üç mühüm layihə üzərində iş aparılır. Bunlardan birincisi Naxçıvan üzərindən Türkiyəyə elektrik enerjisi ötürmə xəttinin çəkilməsi, ikincisi Türkiyə, Gürcüstan, Azərbaycan və Bolqarıstanı birləşdirəcək dördtərəfli yaşıl enerji dəhlizi, üçüncüsü isə Qara dənizin dibi ilə Avropaya, o cümlədən Rumıniya və Macarıstana qədər uzanacaq elektrik ötürmə xəttidir.

“Bu üç xəttlə birlikdə Türkiyə və Azərbaycan əslində dünyaya və regiona yeni təkliflər irəli sürür”, – Bayraktar qeyd edib.

“Elektrikin TANAP-ı” ilə bağlı suala cavabında nazir layihənin əsas məqsədinin dörd ölkəni vahid elektrik şəbəkəsində birləşdirmək olduğunu bildirib.

“İlk addım olaraq mövcud infrastrukturdan istifadə etməklə başlamaq istəyirik. Məqsəd mövcud infrastrukturu əsas götürərək bu layihələri mərhələli şəkildə inkişaf etdirmək, genişləndirmək və ötürmə gücünü artırmaqdır”, – deyə o bildirib.

Bayraktar əlavə edib ki, layihənin Qazaxıstan və Özbəkistanla imzalanmış enerji anlaşmaları ilə əlaqələndirilməsi bütün türk dünyasını bir-birinə bağlayan vahid enerji şəbəkəsinin formalaşmasına imkan verə bilər.

Qeyd edək ki, layihə üzrə 1-ci nazirlər iclası 2024-cü ilin 22 noyabr tarixində Türkiyənin İstanbul şəhərində, 2-ci iclas 2025-ci ilin 4 aprel tarixində Bakı şəhərində, 3-cü iclas isə 2026-cı ilin 22 may tarixində İstanbul şəhərində keçirilib. 

2025-ci il 4 aprel tarixində Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində keçirilmiş 2-ci iclasda “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

İstanbul Təbii Sərvətlər Zirvəsi (INRES 2026) çərçivəsində keçirilmiş 3-cü iclas zamanı tərəflərin iştirakı ilə Birgə Müəssisənin yaradılması haqqında qərar qəbul edilib.