Energetika naziri Pərviz Şahbazov ABŞ-nin Corc Vaşinqton Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Anım Günü”nə həsr olunmuş tədbirdə çıxış edib.
Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Nazir çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətləri olmuş liderdir. Ümummilli Liderin Birləşmiş Ştatlarla etibarlı və sabit tərəfdaşlıq yaratmağa xidmət edən səyləri nəticəsində enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığın strateji çərçivəsinin formalaşdığı vurğulanıb. Heydər Əliyevin strateji düşüncəsinin məhsulu olaraq 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan-ABŞ enerji tərəfdaşlığının ilk nailiyyəti, Xəzər dənizinin enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə bağlı bütün proseslərdə ABŞ-nin yaxından iştirakının başlanğıcı kimi qiymətləndirilib. “Ümummilli Liderin sözləri ilə desək, mənə elə gəlir ki, bunu ilk dəfə Amerikada "Əsrin müqaviləsi" adlandırdılar. Birləşmiş Ştatların dəstəyi olmasaydı, biz 1994-cü ildə ilk müqaviləni, Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik,” - deyə nazir Ulu Öndərdən sitat gətirib. “Əsrin müqaviləsi”nin ardınca Ağ Evdə hər iki ölkənin neft şirkətləri arasında dörd müqavilənin imzalanması, həmçinin ABŞ-nin dəstəyi ilə Bakı- Supsa, Bakı-Tbilisi-Ceyhan Cənub Qaz Dəhlizi layihələrinin reallaşması enerji tərəfdaşlığımızın uğurlu nümunələri kimi qeyd olunub.
Həmçinin vurğulanıb ki, Ümummilli Liderin irsinin layiqli davamçısı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ABŞ Prezidenti cənab Donald Trampın liderliyi ilə hazırda münasibətlərimiz möhkəmlənir, enerji tərəfdaşlığımız isə yeni strateji mərhələyə qədəm qoyub.
Tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin rektoru Hafiz Paşayev, millət vəkili, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov da çıxış edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilən “İz” filmi nümayiş olunub.
Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Konqresin Nümayəndələr Palatası və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud və Nümayəndələr Palatasının Enerji, Su Təsisatları və Əlaqəli Qurumlar üzrə Alt Komitəsinin respublikaçı üzvü Dan Nyuhauz ilə görüşlərdə Azərbaycanla Birləşmiş Ştatlar arasında mövcud uğurlu enerji əməkdaşlığının yeni mərhələdə inkişaf perspektivləri müzakirə edilib. Enerji tərəfdaşlığının töhfələri olan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələrin regional enerji təchizatına davam edən töhfələri nəzərdən keçirilib. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Trans-Adriatik Boru Kəmərinin reallaşmasındakı həlledici rolu qeyd edilib. Hazırda ABŞ Prezidentinin regionda sülhün bərpasına yönəlmiş siyasəti fonunda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun, həmçinin Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanmasına dair Anlaşma Memorandumunun enerji tərəfdaşlığımız üçün yeni imkanlar açdığı vurğulanıb. Strateji tərəfdaşlıq əlaqələrində regional enerji bağlantılarının mühüm komponentlərdən olduğu, bu xüsusda, Azərbaycanla, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi axınlarını təmin edəcək layihələrin əhəmiyyəti nəzərdən keçirilib. ABŞ Administrasiyası ilə yeni reallıqlar və imkanlar müstəvisində enerji sahəsində dialoq və əməkdaşlığı gücləndirməyin vacibliyi qeyd olunub.
Enerji əlaqələrinin genişləndirilməsi ABŞ Ticarət Palatasının vitse-prezidenti Cenifer Miel və Palatanın üzvü olan aparıcı enerji şirkətləri ilə keçirilən görüşdə də müzakirə olunub. Bildirilib ki, Prezident İlham Əliyevin vizyonu Azərbaycanın beynəlxalq enerji bazarındakı fəal rolunu yalnız karbohidrogenlərdə deyil, həm də elektrik, bərpa olunan enerji və hidrogen sahələrində qorumaq və gücləndirməkdən ibarətdir. ABŞ ilə dostluq və sıx əməkdaşlıq münasibətlərimiz bu istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Ticarət Palatası tərəfindən Azərbaycanın qlobal enerji gündəminə verdiyi töhfələri və yaşıl enerji sahəsindəki səyləri yüksək qiymətləndirilib, ölkəmizlə əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə edilib. Bu məqsədlə Palatanın nümayəndə heyətinin gələn ilin fevralında Azərbaycana səfər edəcəyi və enerji əməkdaşlığının əsas prioritet istiqamətlərdən biri olacağı diqqətə çatdırılıb.
