Naxçıvan şəhərində inşa edilən, qoyuluş gücü 25 MVt olan “Şəms 1” Günəş Elektrik Stansiyasında (GES) tikinti-quraşdırma işlərinin bu ilin noyabrında yekunlaşdırılması planlaşdırılır.
Renewables.az xəbər verir ki, layihə müəyyən edilmiş bərpaolunan enerji mənbələri ərazisində 52 hektar sahədə həyata keçirilir.
“CEİ Naxçıvan” MMC tərəfindən artıq 10 MVt gücündə günəş panellərinin quraşdırılması başa çatdırılıb. Şəbəkə infrastrukturunun inşası yekunlaşdıqdan sonra stansiya istismara veriləcək. Hazırda layihənin icrasında 218 nəfər işçi çalışır ki, onların 110 nəfəri yerli işçilərdir.
Stansiyanın istismara verilməsindən sonra illik təxminən 57 milyon kilovat-saat elektrik enerjisinin istehsal olunacağı və 19 minə yaxın ev təsərrüfatının enerji ilə təmin ediləcəyi planlaşdırılır. Bununla da ildə təxminən 26 min ton karbon qazı emissiyasının qarşısı alınacaq və 12 milyon kubmetr təbii qaza qənaət ediləcək.
Qeyd edək ki, stansiyanın tikintisinə bu ilin may ayında başlanılıb.