Türkiyə Səudiyyə Ərəbistanı ilə bərpa olunan enerji layihələri üzrə investisiya müqaviləsi imzalayıb

REGİON

image

Türkiyə və Səudiyyə Ərəbistanı Türkiyədə günəş və külək enerjisi layihələrini əhatə edən investisiya müqaviləsi imzalayıb. Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar "X" sosial hesabında məlumat verib.

Bayraktar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səudiyəli həmkarı, şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə “Türkiyə Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında bərpa olunan enerji stansiyaları layihələri üzrə Hökumətlərarası Saziş”in imzalandığını bildirib. 

Müqaviləyə əsasən, Səudiyyə şirkətləri Türkiyədə ümumi gücü 5 000 MVt olan günəş və külək elektrik stansiyaları inşa etməyi planlaşdırır. İnvestisiyanın birinci mərhələsində Mərkəzi Anadoluda yerləşən Sivas və Karaman vilayətlərində ümumi gücü 2 000 MVt olan günəş elektrik stansiyaları layihələri həyata keçiriləcək.

Bayraktar qeyd edib ki, bu layihələr enerji sektorunda birbaşa xarici investisiyaların ən əhəmiyyətli nümunələrindən biri olacaq və tam şəkildə xarici maliyyələşmə hesabına reallaşdırılacaq. Maliyyələşmədə beynəlxalq maliyyə institutlarının kreditləri də cəlb ediləcək.

Nazirin sözlərinə görə, təxminən 2 milyard dollarlıq investisiya hesabına qurulacaq günəş elektrik stansiyaları 2,1 milyon ev təsərrüfatının elektrik enerjisi tələbatını ödəyəcək.

“Bu layihələr Türkiyənin investisiya mühitinə və enerji sektoruna olan etimadı nümayiş etdirir və hörmətli Prezidentimizin 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə quraşdırılmış gücü 120 000 MVt-a çatdırmaq hədəfi istiqamətində atılan ən mühüm addımlardan biridir”, – deyə Bayraktar vurğulayıb.

Razılaşmaya əsasən, Karaman vilayətində tikiləcək stansiyadan elektrik enerjisi 25 il müddətinə hər kilavat-saat üçün 1,995 avro sent, Sivas vilayətində tikiləcək stansiyadan isə 2,3415 avro sent qiymətinə alınacaq.

Bayraktar layihə çərçivəsində 50 faiz lokallaşdırma hədəfinin nəzərdə tutulduğunu da bildirib.

“Bu imzalar atıldıqdan sonra təxminən 2,1 milyon ev təsərrüfatının elektrik tələbatını qarşılayacaq miqyasda bir layihəni həyata keçirməyi hədəfləyirik. Ümid edirik ki, 2027-ci ildə təməlini qoyacağıq, birinci mərhələni 2027-ci ilin sonuna, bütün layihəni isə 2028-2029-cu illərdə tamamlamağı planlaşdırırıq”, – deyə o əlavə edib.

Nazir həmçinin iki ölkə arasında elektrik sahəsində əməkdaşlığı uzunmüddətli edəcək digər layihələrin də müzakirə olunduğunu qeyd edib. Xüsusilə Səudiyyə Ərəbistanından Türkiyəyə elektrik ötürmə xətti və interkonneksiya layihəsinin region üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, Alparslan Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ər-Riyada səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində olub.



OXŞAR XƏBƏRLƏR