Türkiyə və Səudiyyə Ərəbistanı COP31-də 5 GVt-lıq bərpa olunan enerji sazişinin ikinci mərhələsini imzalayacaq

REGİON

image

Türkiyə və Səudiyyə Ərəbistanının "Acwa" şirkəti bu ilin sonunda Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin iqlim sammiti – COP31 çərçivəsində 5 giqavatlıq bərpa olunan enerji üzrə əməkdaşlıq sazişinin ikinci mərhələsini imzalayacaq. Bu barədə "Acwa"nın təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan Anadolu agentliyinə bildirib.

Planlaşdırılan imza mərasimi hökumətlərarası razılaşma çərçivəsində nəzərdə tutulan ümumi 5 giqavat gücün qalan 3 giqavat hissəsini əhatə edəcək. Bundan əvvəl isə Türkiyənin mərkəzi vilayətləri olan Sivas və Karamanda 2 giqavatlıq günəş enerjisi layihələri üzrə ilk mərhələ sazişi imzalanıb.

“Biz COP31-ə qədər bərpa olunan enerji və enerji saxlama sahəsində 3 giqavatlıq saziş imzalayacağıq”, – deyə Əbunəyyan bildirib. Onun sözlərinə görə, yeni mərhələ günəş, külək və enerji saxlama sistemlərinin kombinasiyasını əhatə edəcək. Şirkət həmçinin ilkin 2 giqavatlıq günəş layihələrinə də enerji saxlama həllərinin inteqrasiyasını nəzərdən keçirir.

İmzalanan ilk mərhələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Səudiyyə Ərəbistanına səfəri zamanı əldə olunan 5 giqavatlıq çərçivə razılaşmasının bir hissəsidir. Əbunəyyan bildirib ki, 2 giqavatlıq günəş gücü üzrə tikinti işlərinə icazə və ekoloji təsdiqlər tamamlandıqdan sonra gələn il başlanması gözlənilir. İlk elektrik enerjisinin 2028-ci ilin əvvəlində şəbəkəyə verilməsi planlaşdırılır və həmin il ərzində tam istehsal gücünə çatdırılması nəzərdə tutulur.

COP31 iqlim sammiti noyabrın 9-20-də Aralıq dənizi sahilində yerləşən Antalya şəhərində keçiriləcək, liderlər zirvəsinin isə İstanbulda baş tutacağı gözlənilir. BMT-nin iqlim danışıqlarında Paris Sazişinin icrası, o cümlədən emissiyaların azaldılması hədəfləri, uyğunlaşma tədbirləri, iqlim maliyyələşməsi və karbon bazarı mexanizmləri müzakirə olunacaq.

Əbunəyyan bildirib ki, ilk layihələr Türkiyədə ən rəqabətqabiliyyətli elektrik qiymətlərini təmin edəcək və yerli məzmunla, türk podratçıların iştirakı ilə həyata keçiriləcək.

O, Türkiyənin bərpa olunan enerji strategiyasını “böyük və iddialı strategiya” kimi qiymətləndirib və ölkənin 2035-ci ilə qədər əlavə 80 giqavat bərpa olunan enerji gücü yaratmaq məqsədini vurğulayıb.

Türkiyə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə ümumi quraşdırılmış gücü 120 giqavata çatdırmağı planlaşdırır. Bu isə mövcud səviyyəyə təxminən 80 giqavat əlavə olunması deməkdir. Hədəfə çatmaq üçün ölkə hər il təxminən 9 giqavat yeni güc quraşdırmalıdır.

Əbunəyyan ikinci mərhələni COP31-in diplomatik əhəmiyyəti ilə də əlaqələndirib: “COP31 kimi möhtəşəm bir platformada Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında tərəfdaşlığı bütün dünyaya nümayiş etdirməkdən daha yaxşı imkan ola bilməz. Türkiyə və Səudiyyə Ərəbistanı yalnız vədlər vermir, onları icra edir”.

5 giqavatlıq çərçivə üzrə ümumi investisiyanın 4-5 milyard dollar təşkil edəcəyi gözlənilir. Layihələr səhmdar kapitalı və beynəlxalq borc vəsaitlərini birləşdirən layihə maliyyələşməsi modeli ilə reallaşdırılacaq. Maliyyə bağlanışının 2027-ci ilə planlaşdırıldığı bildirilib.

Günəş və külək enerjisi ilə yanaşı, "Acwa" Türkiyədə yaşıl hidrogen ilə bağlı imkanları da araşdırır. Əbunəyyan vurğulayıb ki, bərpa olunan enerji, enerji saxlama və yaşıl hidrogen uzunmüddətli karbonsuzlaşdırma (dekarbonizasiya) prosesində əsas rol oynayacaq.

“Əgər səmərəli və aşağı maya dəyərli bərpa olunan enerji varsa, o zaman yaşıl hidrogen haqqında düşünmək lazımdır. Yaşıl hidrogen gələcəyin enerjisidir”, – deyə o əlavə edib.



OXŞAR XƏBƏRLƏR