Hədəfimiz Trans-Adriatik boru xətti (TAP) ilə təbii qazla birlikdə hidrogenin tranzitini təmin etmək üçün aktivi inkişaf etdirməkdir və hazırda bu layihənin texniki cəhətdən mümkünlüyünü təhlil edirik. Artıq orta və uzunmüddətli dövrdə nəqlə hazırlıq üçün "yol xəritəsi" yaradılıb.
Bunu "TAP AG"nin idarəedici direktoru Luka Skiepatti "Report"a müsahibəsində bildirib.
Luka Skiepatti deyib: "2021-ci ildə aparılmış ilkin araşdırma TAP-ın bu sahədəki potensialını təsdiq edib. Bundan sonra TAP beynəlxalq laboratoriyada materialların yoxlanılmasını, həmçinin hidrogen nəqli üçün tələb olunan yerüstü qurğuların uyğunluğu ilə bağlı sınaqlar aparıb. Bu tədqiqatların nəticələri hazırda ekspertlər tərəfindən ətraflı şəkildə təhlil edilir. Hidrogen bazarının tələblərinə və qüvvədə olan tənzimləyici normalara cavab vermək üçün obyektlərin yenilənməsinə kapital qoyuluşu və nəql olunan hidrogenin payı mərhələli şəkildə artırılacaq. Biz hidrogen və digər "yaşıl" qazlar sahəsində irəliləyişi təhlil etmək üçün bütün səhmdarlarla fəaliyyətimizi mütəmadi olaraq əlaqələndiririk. Məqsədimiz bu sahənin gələcək trendlərinə uyğun şəkildə hərəkət etmək, aktivlərin dəyərinin artırılmasını və investorlarımızın sərmayələrinin gəlirliliyini təmin etməkdir. TAP konsorsiumu Avropanın enerji transformasiyasını dəstəkləmək funksiyasını aydın şəkildə başa düşür, eyni zamanda enerji təhlükəsizliyinə töhfə verir və istehsal fəaliyyətinin dekarbonizasiyasına doğru planlı şəkildə irəliləyir".
