"TotalEnergies" Qazaxıstanda külək və enerji saxlama layihəsinə 1,2 milyard dollar investisiya yatırır

REGİON

image

"TotalEnergies" Qazaxıstanda "Mirny" quruda külək və Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi üzrə Yekun İnvestisiya Qərarını qəbul edib və layihə üçün maliyyələşdirməni təmin edib.

Şirkətin məlumatına görə, ölkənin cənub-şərqində yerləşən "Mirny" layihəsinin 25 il ərzində 100 milyon kVts bərpa olunan elektrik enerjisi istehsal edəcəyi və təxminən 1 milyon insanı elektrik enerjisi ilə təmin etməyə kifayət edəcəyi gözlənilir. İstehsal olunan elektrik enerjisi 2023-cü ildə imzalanmış 25 illik Elektrik Alqı-Satqı Müqaviləsi (PPA) çərçivəsində Qazaxıstan Hökumətinə satılacaq. Layihənin investisiya dəyəri 1,2 milyard ABŞ dolları təşkil edir və bunun təxminən 75%-i xarici maliyyələşmə hesabına təmin olunub.

"Mirny" layihəsi ümumilikdə 150 turbindən ibarət 1 GVt gücündə quruda yerləşən külək elektrik stansiyasından, eləcə də "Saft" şirkəti tərəfindən təchiz ediləcək 600 MVt-saat gücündə batareya enerji saxlama sistemindən ibarətdir və milli elektrik şəbəkəsinə etibarlı enerji təchizatını təmin edəcək.

"TotalEnergies" "Mirny" layihəsində 60 %-lik paya malikdir və layihə tərəfdaşları "Samruk Energy" və "KazMunayGas" hər biri 20 % payla iştirak edir.

"TotalEnergies" və tərəfdaşları beynəlxalq kreditor konsorsiumu ilə "Mirny" layihəsi üçün maliyyələşdirmə çərçivəsini təmin edən Ümumi Şərtlər Sazişi (CTA) imzalayıblar. Kreditor konsorsiumuna Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), "Proparco", Qazaxıstan İnkişaf Bankı (DBK), DEG, "Société Générale", "QNB Group", "China Construction Bank" və "Standard Chartered" daxildir.

“Qazaxıstanda bu günədək həyata keçirilən ən böyük bərpa olunan enerji təşəbbüslərindən birinə başlamaqdan məmnunuq və bununla ölkənin elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 2030-cu ilə qədər 15 %-ə çatdırmaq hədəfinə töhfə veririk. Tərəfdaşlarımızla və Qazaxıstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Mirny layihəsinin tikintisini irəlilətməyi səbirsizliklə gözləyirik”, - TotalEnergies-in bərpa olunan enerji üzrə baş vitse-prezidenti Olivier Jouny bildirib.

O əlavə edib ki, 1 GVt gücündə bu quruda külək elektrik stansiyası həmçinin "TotalEnergies"in "Masdar" ilə birlikdə Asiyanın doqquz ölkəsində, o cümlədən Qazaxıstanda yaratdığı 50/50 birgə müəssisə çərçivəsində formalaşdırılan 9 GVt-lıq bərpa olunan enerji portfelinə də töhfə verəcək.

Renewables.az


OXŞAR XƏBƏRLƏR