"TotalEnergies" və "Masdar" Azərbaycan və Asiya ölkələrində bərpa olunan enerji layihələrinə dair 2,2 milyard dollarlıq birgə müəssisə yaradıb

AZƏRBAYCAN

image

Qlobal inteqrasiya olunmuş enerji şirkəti olan "TotalEnergies" və təmiz enerji sahəsində dünya lideri "Abu Dhabi Future Energy Company PJSC" – "Masdar" ümumi portfeli 2,2 milyard ABŞ dolları olan, paritet əsaslarla (50/50) birgə müəssisənin yaradılması barədə məcburi xarakter daşıyan saziş imzalayıb.

"TotalEnergies"in məlumatına görə, birgə müəssisə onların Asiyanın 9 ölkəsində quruda yerləşən bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətlərini birləşdirəcək.

"Asiyada elektrik enerjisinə tələbatın artımının sürətlənməsi fonunda bu tərəfdaşlıq bərpa olunan enerji layihələrinin lazımi miqyasda və ən qısa müddətdə həyata keçirilməsi üçün kapital və ekspert biliklərini birləşdirir. Sövdələşmənin əldə edilməsindən sonra birgə müəssisə Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda günəş, külək enerjisi və enerji saxlanc sistemləri ilə bağlı layihələrin işlənib hazırlanması, tikintisi, sahibliyi və istismarı üçün hər iki şirkətin yeganə alətinə çevriləcək", - məlumatda qeyd olunub.

Qeyd edilib ki, birgə müəssisə portfelinə 3 GVt-lıq istismar gücü və inkişaf mərhələsindəki 6 GVt gücündə layihə daxil olacaq. Bu layihənin 2030-cü ildə istismara verilməsi planlaşdırılır. Tərəfdaşların hər biri müqayisə oluna bilən dəyərdə aktivlər təqdim edəcək.

Birgə müəssisəyə Azərbaycandan 300 MVt-lıq (0,3 GVt) istismar və 1,2 GVt-lıq irəliləmiş inkişaf mərhələsində olan layihələr daxil edilib.

"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) irimiqyaslı layihələrin həyata keçirilməsi, ardıcıl investisiya siyasəti və uzunmüddətli tərəfdaşlıqların inkişafı sayəsində qlobal enerji lideri kimi özünü təsdiqləyib. "Masdar" isə bu yanaşmanı təcəssüm etdirir. Biz Mərkəzi Asiya və Qafqazda bərpa olunan enerjinin inkişafında qabaqcıl, həmçinin Asiya-Sakit okean regionunun ən perspektivli, inkişaf edən bazarlarında genişlənən portfelə malik olmağımızla qürur duyuruq. Asiya bu onillikdə qlobal elektrik enerjisinə olan tələbat artımının əsas hərəkətverici qüvvəsi olacaq. "TotalEnergies" ilə əməkdaşlıq isə rəqabətədavamlı və etibarlı enerji həllərinin təmin edilməsi üçün yeni imkanlar açaraq qitədəki inkişafımızı sürətləndirəcək", - BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri və "Masdar"ın İdarə Heyətinin sədri Sultan Əl-Cabir sazişin imzalanma mərasimində vurğulayıb.

Öz növbəsində "TotalEnergies"in İdarə Heyətinin sədri və baş direktoru Patrik Puyanne qeyd edib ki, saziş hər iki şirkətin güclü tərəflərini birləşdirməyə, bu bazarlarda əhəmiyyətli mövqelər tutmağa və əlavə dəyər yaratmağa imkan verəcək.

Birgə müəssisənin mənzil-qərargahı "Abu Dhabi Global Market" (ADGM) beynəlxalq maliyyə mərkəzində yerləşəcək. Şirkətin heyəti "TotalEnergies" və "Masdar"dan olan təxminən 200 əməkdaşdan ibarət olacaq. Birgə müəssisənin rəhbərliyi daha sonra açıqlanacaq.



OXŞAR XƏBƏRLƏR