"Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi üzrə ümumi investisiya qoyuluşunun 22,1 milyard avro təşkil edəcəyi qiymətləndirilir.
Renewables.Az-ın layihəyə dair investisiya sənədinin təhlilinə əsasən, investisiyanın 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi infrastrukturuna, 7,8 milyard avrosu isə dəhliz üçün nəzərdə tutulan bərpa olunan enerji istehsalı güclərinə yönəldiləcək.
Layihənin texniki göstəriciləri və icra mərhələləri
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək Yaşıl Enerji Dəhlizi üç müstəqil yüksək gərginlikli sabit cərəyan (HVDC) ötürmə xəttindən ibarət olacaq.
Gərginlik mənbəli çevirici (VSC) texnologiyası əsasında qurulacaq hər bir xəttin ötürmə gücü 1 300 MVt, gərginliyi isə ±525 kV təşkil edəcək. Layihənin bütün mərhələləri tamamlandıqdan sonra dəhlizin ümumi ötürmə gücü 3 900 MVt-a çatacaq.
Layihənin üç mərhələdə həyata keçirilməsi planlaşdırılır:
- Birinci xətt (2032): Bakı–Ksani–Anaklia–Konstansa Sud marşrutu üzrə çəkiləcək. Rumıniyadan Macarıstanın Albertirsa yarımstansiyasına 2 000 MVt gücündə quru bağlantısı da nəzərdə tutulur. Xəttin ümumi uzunluğu təxminən 3 040 kilometr, ötürmə gücü isə 1 300 MVt olacaq.
- İkinci xətt (2036): Bakı–Tsxaltubo–Poti–Domneşti (Buxarest) marşrutu üzrə çəkiləcək. Təxminən 2 340 kilometr uzunluğunda olan xəttin ötürmə gücü 1 300 MVt təşkil edəcək.
- Üçüncü xətt (2040): Bakı–Tsxaltubo–Poti–Konstansa Sud marşrutu üzrə çəkiləcək. Təxminən 2 020 kilometr uzunluğunda olan xəttin ötürmə gücü 1 300 MVt olacaq.
Birinci və ikinci xətlər Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSO-E) Onillik Şəbəkə İnkişaf Planında (TYNDP) 1248, üçüncü xətt isə 1244 nömrəli layihə ilə əlaqələndirilir.
Azərbaycan və Gürcüstan ərazisində hava və yeraltı elektrik ötürmə xətlərindən istifadə ediləcək. Gürcüstanın Ksani və Tsxaltubo yarımstansiyalarında yerləşəcək çevirici stansiyalar dəhlizin ölkənin elektrik şəbəkəsinə ikitərəfli inteqrasiyasını təmin edəcək. Bu, Gürcüstanın artıq bərpa olunan elektrik enerjisini ixrac etməsinə və ehtiyac yarandıqda elektrik enerjisi idxalına imkan verəcək.
Gürcüstanın Anaklia və Poti sahillərindən Qara dənizin dibi ilə Rumıniyaya sualtı kabellər çəkiləcək. Hər bir sualtı kabel marşrutunun uzunluğu təxminən 1 120 kilometr, maksimum çəkiliş dərinliyi isə 2 200 metr olacaq. Kabellərlə yanaşı, fiber-optik rabitə kabelinin də çəkilməsi nəzərdə tutulur.
Rumıniya və Macarıstanda dəhliz Konstansa Sud, Domneşti və Albertirsa yarımstansiyaları vasitəsilə Avropa İttifaqının elektrik şəbəkəsinə birləşdiriləcək.
Elektrik enerjisi ixracı və iqtisadi faydalar
Texniki-iqtisadi əsaslandırmaya görə, Yaşıl Enerji Dəhlizi vasitəsilə 2032-ci ildən Avropa İttifaqına ildə 8 milyard kilovat-saat, 2040-cı ildən isə 20 milyard kilovat-saat bərpa olunan elektrik enerjisinin ixracı nəzərdə tutulur.
Dəhlizin ötürmə xətlərinin yüklənmə əmsalının proqnoz dövründə 60–70 faiz və daha yüksək səviyyədə olacağı gözlənilir.
Elektrik şəbəkələri arasında qiymət fərqlərindən yaranan ötürmə məhdudiyyəti gəlirlərinin (congestion revenues) 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötəcəyi proqnozlaşdırılır.
Layihənin həyata keçirilməsi Rumıniya və Macarıstanda qazla işləyən elektrik stansiyalarının istehsalının bir hissəsini əvəz etməklə topdansatış elektrik enerjisi qiymətlərinin azalmasına da töhfə verəcək.
Bununla yanaşı, 2040-cı ilədək karbon qazı emissiyalarının ildə 3,6 milyon ton azaldılması gözlənilir.
Layihənin iqtisadi səmərəliliyi
CESI tərəfindən aparılmış xərc-fayda təhlilinə əsasən, layihənin 4 faizlik sosial diskont dərəcəsi ilə hesablanmış iqtisadi xalis cari dəyəri 26,6 milyard avro, iqtisadi daxili gəlirlilik norması (IRR) isə 11,7 faiz təşkil edir.
Hesablamalara görə, layihənin investisiya xərcləri 20 faiz artsa belə, iqtisadi gəlirlilik norması qəbul edilmiş diskont dərəcəsindən yüksək qalacaq.
Dəhlizin illik iqtisadi faydasının mərhələlər üzrə artacağı proqnozlaşdırılır:
- 2032-ci ildə — 860 milyon avro;
- 2036-cı ildə — 1,8 milyard avro;
- 2040-cı ildə — 3 milyard avrodan çox.
2040-cı il üzrə iqtisadi faydanın təxminən 1,7 milyard avrosu karbon emissiyalarının azaldılmasının iqtisadi dəyəri ilə bağlıdır.
Hibrid biznes modeli və maliyyələşdirmə
Layihənin maliyyələşdirilməsi üçün dövlət və özəl kapitalın iştirakını nəzərdə tutan hibrid biznes modeli təklif edilir.
Modelə əsasən, hər bir 1 300 MVt-lıq ötürmə xətti iki hissəyə bölünəcək:
- Tənzimlənən hissə — 500 MVt: Tənzimlənən aktivlər bazası (RAB) üzrə gəlirlilik mexanizmi tətbiq ediləcək. Vergidən əvvəl real kapitalın orta çəkili dəyəri (WACC) 8 faiz, amortizasiya müddəti isə 40 il nəzərdə tutulur.
- Kommersiya hissəsi — 800 MVt: Gəlirlər elektrik enerjisinin ötürülməsi üzrə qiymət fərqlərindən və uzunmüddətli ötürmə hüquqlarından formalaşacaq.
Kommersiya modeli üzrə ən azı 10 faizlik səhmdar kapitalı gəlirliliyini təmin etmək üçün uzunmüddətli ötürmə hüquqlarının zərərsizlik qiyməti Avropa İttifaqının qrant dəstəyi ilə təxminən 34 avro/MVt-saat, qrant olmadan isə 46 avro/MVt-saat səviyyəsində hesablanıb.
Maliyyə modelində borc kapitalının payı 80 faiz, kreditlərin geri ödənilməsi müddəti isə təxminən 30 il nəzərdə tutulur.
Hesablamalar kapital xərclərinin 25 faizinin Avropa İttifaqı qrantları hesabına maliyyələşdirilməsi fərziyyəsinə əsaslanır. Bununla belə, Avropa İttifaqının Connecting Europe Facility (CEF) mexanizmi üzrə maliyyələşdirmə uyğunluğu hələ təsdiqlənməyib.
İnvestorlar və tərəfdaşlar üçün imkanlar
İnvestisiya sənədində layihəyə strateji səhmdar kapitalının cəlb edilməsi, beynəlxalq inkişaf bankları, ixrac-kredit agentlikləri və kommersiya bankları tərəfindən uzunmüddətli kredit və zəmanətlərin təqdim edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, qarşılıqlı maraq doğuran layihə (PMI) statusu və CEF vasitəsilə Avropa İttifaqı qrantlarından istifadə, uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələri (PPA), ötürmə hüquqları, kabel və çevirici avadanlıqlarının təchizatı, eləcə də dənizdə kabelquraşdırma işləri üzrə tərəfdaşlıq imkanları təqdim olunur.
Yaşıl hidrogen perspektivləri
Texniki-iqtisadi əsaslandırma çərçivəsində elektrik enerjisinin ötürülməsi ilə yanaşı, yaşıl hidrogenin istehsalı, saxlanılması və nəqli imkanları da araşdırılıb.
Hesablamalara görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanda yaşıl hidrogenə daxili tələbatın 2032-ci ildə təxminən 440 min tondan 2040-cı ildə 875 min tona çatacağı proqnozlaşdırılır.
2040-cı il üçün tələbatın Rumıniyada 471 min ton, Macarıstanda 269 min ton, Azərbaycanda 85 min ton, Gürcüstanda isə 49 min ton olacağı qiymətləndirilir.
Modelləşdirilmiş ssenari üzrə elektroliz qurğularının ümumi gücünün 2032-ci ildə 2,7 GVt, 2040-cı ildə isə 7,6 GVt-a çatacağı gözlənilir. Bunun 5,5 GVt-ı Macarıstanın, 1 GVt-ı Azərbaycanın, 0,6 GVt-ı Gürcüstanın və 0,5 GVt-ı Rumıniyanın payına düşür. Bu güclər daxili hidrogen tələbatının ödənilməsi üçün nəzərdə tutulur.
Azərbaycanın külək və günəş enerjisindən istifadə etməklə yaşıl hidrogen istehsalının normallaşdırılmış maya dəyəri 2030-cu il üçün təxminən 2,9 avro/kq qiymətləndirilir. Avropada isə müvafiq göstərici təxminən 3,7 avro/kq təşkil edir.
Araşdırmada Bakı–Gürcüstan–Qara dəniz–Rumıniya–Albertirsa marşrutu üzrə təxminən 3 000 kilometrlik hidrogen boru kəmərinin çəkilməsi də nəzərdən keçirilib. Bunun 1 900 kilometri quru, 1 115 kilometri isə Qara dənizin sualtı hissəsindən keçəcək.
Diametri 16–36 düym arasında dəyişən beş boru kəməri variantı qiymətləndirilib. Onların illik ötürmə potensialı 100–950 min ton hidrogen və ya 3,3–31,7 TVt-saat enerji ekvivalenti, ilkin investisiya dəyəri isə 6,6–13 milyard avro arasında hesablanıb.
Lakin Avropanın 2040-cı ilədək hidrogen idxalı üzrə gözləntilərinin əvvəlki proqnozlarla müqayisədə azalması və iştirakçı ölkələrin “Late Adoption” ssenarisini əsas götürməsi nəticəsində hidrogen boru kəmərinin 2030–2040-cı illərdə iqtisadi baxımdan məqsədəuyğun olmadığı müəyyən edilib.
Bu səbəbdən hazırkı inkişaf mərhələsində prioritet elektrik enerjisinin HVDC xətləri vasitəsilə ötürülməsinə verilib. Bununla belə, yüksək istehsal ssenarisində Azərbaycanın 2040-cı ilədək Avropa İttifaqının hidrogen idxalı tələbatının 10–15 faizini təmin etmək potensialı olduğu qiymətləndirilir.
Hidrogenin boru kəmərləri ilə təxminən 3 000 kilometrədək məsafələrə nəqli iqtisadi baxımdan səmərəli variant hesab edildiyindən bu istiqamət dəhlizin uzunmüddətli inkişaf imkanları sırasında saxlanılır.
Layihənin növbəti mərhələsi
Qeyd edək ki, layihənin texniki-iqtisadi əsaslandırması 2026-cı il iyulun 8-də Bakıda keçirilən tərəflərin 12-ci Nazirlər Görüşündə təsdiqlənib.
Hazırda Yaşıl Enerji Dəhlizi inkişaf mərhələsinə keçib. Bu mərhələdə tenderlərin hazırlanması, layihənin icra yol xəritəsinin müəyyənləşdirilməsi və yekun investisiya qərarına (FID) hazırlıq işləri aparılır.
“Green Energy Corridor Power Company” (GECO) layihədə iştirak etmək istəyən potensial investorları və strateji tərəfdaşları maraq ifadələrini təqdim etməyə dəvət edir. Şirkət Avropanın hidrogen bazarının inkişafından asılı olaraq hidrogen nəqli variantını da gələcəkdə yenidən qiymətləndirəcək.