Bakı Enerji Həftəsi çərçivəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkil etdiyi Alman Pavilyonunun açılış mərasimində "Yaşıl Dəhliz Birliyi" Birgə Müəssisəsi və "Siemens Energy" arasında Məxfilik Sazişi (NDA) imzalanıb.
Renewables.az "Yaşıl Dəhliz Birliyi"ə istinadən xəbər verir ki, saziş tərəflər arasında strateji əməkdaşlığın inkişafı istiqamətində mühüm mərhələ hesab olunur və "Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsinə əlavə təkan verməyi hədəfləyir.
Bildirilib ki, "Siemens Energy" ilə əldə olunan razılaşma layihənin texnoloji əsaslarının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Şirkətin elektrik şəbəkələrinin inteqrasiyası, sistem dayanıqlılığı və yüksək gərginlikli daimi cərəyan (HVDC) ötürmə texnologiyaları sahəsində qlobal təcrübəsi mürəkkəb transsərhəd enerji infrastrukturunun uğurla reallaşdırılmasına dəstək verə bilər.
Tərəflər arasında əməkdaşlığın "Yaşıl Enerji Dəhlizi"nin inkişafına və regionda enerji keçidinin sürətləndirilməsinə töhfə verəcəyi gözlənilir.
