“Yaşıl” enerji Litva ilə Azərbaycan arasında münasibətlərin mühüm əlavə sütununa çevrilə bilər.
Bunu Trend-ə müsahibəsində Bakı səfəri çərçivəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib.
Baş nazir bildirib ki, ölkəsi enerji əməkdaşlığının genişləndirilməsi üçün böyük perspektivlər görür.
“Azərbaycan Avropa üçün mühüm və etibarlı enerji tərəfdaşına çevrilib, xüsusilə də tədarük marşrutlarının şaxələndirilməsi və zəif nöqtələrin azaldılması strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda. Litva üçün enerji təhlükəsizliyi mücərrəd anlayış deyil – bu, birbaşa suverenlik, dayanıqlılıq və geosiyasi təzyiqlərə qarşı durmaq qabiliyyətimizlə bağlıdır. Eyni zamanda hesab edirik ki, əməkdaşlığın növbəti mərhələsi getdikcə daha çox “yaşıl keçid”i əhatə etməlidir.
Litva təkcə ənənəvi enerji təhlükəsizliyi ilə deyil, həm də Avropanın enerji sistemlərinin uzunmüddətli transformasiyası ilə maraqlıdır. Litva şirkətləri günəş enerjisi, təmiz texnologiyalar, rəqəmsal sistemlər, su resurslarının idarə olunması və dayanıqlı infrastruktur və enerji səmərəliliyi ilə bağlı digər sahələrdə həllər təklif edə bilərlər. Biz hər iki istiqamətdə - Azərbaycanla həm bugünkü enerji qarşılıqlı əlaqələrinin gücləndirilməsi, həm də gələcək üçün daha təmiz həllərə investisiya qoyuluşu istiqamətində əməkdaşlığın dəyərini görürük. Bu, enerji təhlükəsizliyi, iqtisadi rəqabətədavamlılığın və iqlim hədəflərinin getdikcə daha çox qarşılıqlı əlaqəli olduğu bir dünyada xüsusilə аktualdır. Fikrimizcə, “yaşıl” enerji sahəsində əməkdaşlıq Litva ilə Azərbaycan münasibətlərinin mühüm əlavə sütununa çevrilə bilər”, – deyə Ruqiniene əlavə edib.
