Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Azərbaycanın "SOCAR Green" şirkəti tərəfindən birgə həyata keçirilən 445 MVt-lıq "Biləsuvar" Günəş Elektrik Stansiyasında tikinti işləri sürətlə davam edir. Ərazidə işlərin 80 faizi tamamlanıb.
Stansiyanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 aprel 2024-cü il tarixli 212 nömrəli qərarı ilə Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1454 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.
Qeyd edək ki, 2024-cü il iyunun 4-də “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir “Biləsuvar” GES-in təməlini qoyublar.
"Biləsuvar" GES istismara verildikdən sonra təxminən 75 min ev təsərrüfatını təmiz elektrik enerjisi ilə təmin edəcək. Layihə eyni zamanda ildə 427 min tondan çox karbon qazı (CO₂) emissiyasının qarşısını almağa imkan yaradacaq.
Stansiyada ilk günəş paneli 2025-ci ilin oktyabrın 2-də quraşdırılıb.
Renewables.Az layihənin detalları ilə bağlı İctimai TV-nin süjetini təqdim edir.