Pərviz Şahbazov: Azərbaycanın bərpa olunan enerji siyasəti ölkənin təbii qaz ixracı siyasətini dəstəkləyir

26 Oktyabr 2026, 13:29 (UTC+4)
ÖLKƏ
EDITOR
image
Foto: Energetika Nazirliyi

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasında keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşündə iştirak edib.

Renewables.Az bu barədə Energetika Nazirliyinə istinadla xəbər verir.

Nazir çıxışında qlobal qaz bazarındakı çağırışlar, təbii qazın enerji təhlükəsizliyində artan rolu, investisiya ehtiyacları və Azərbaycanın qaz siyasətindən bəhs edib.

Bildirilib ki, geosiyasi gərginliklər, təchizat marşrutlarında təhlükəsizlik riskləri və enerji siyasətində dəyişən prioritetlər qaz bazarında qeyri-müəyyənliyi artırır. Eyni zamanda, iqtisadiyyatın elektrikləşməsi, süni intellekt və məlumat mərkəzlərinin inkişafı, bərpa olunan enerjinin balanslaşdırılması ehtiyacı təbii qazın strateji əhəmiyyətini gücləndirir.

Artan tələbat fonunda qaz sektoruna investisiyaların məhdudlaşdırılmasının gələcək təchizat təhlükəsizliyi üçün risklər yaratdığı vurğulanıb. “Sabahın etibarlı qaz təchizatı üçün investisiya qərarları bu gün verilməlidir”, – deyə nazir bildirib.

Azərbaycanın enerji təhlükəsizliyinə və uzunmüddətli tərəfdaşlığa əsaslanan qaz strategiyasından danışan nazir Cənub Qaz Dəhlizinin uğurlu əməkdaşlıq modeli olduğunu bildirib.

Artan tələbatın qarşılanması üçün Azərbaycanın qaz hasilatı və ixrac potensialını genişləndirdiyi, beynəlxalq qaz layihələrində iştirakını artırdığı qeyd olunub. Bərpa olunan enerji və enerji səmərəliliyi siyasətinin ölkənin qaz ixracı siyasətini dəstəklədiyi bildirilib.

Nazir qlobal qaz bazarında sabitliyin qorunması, investisiyaların təşviqi və istehsalçı-istehlakçı dialoqunun gücləndirilməsi üçün GECF çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Forumda müşahidəçi üzv statusunda təmsil olunur.

Renewables.az
1 / 3