Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) Strateji təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rafiq Məmmədov Tailand Krallığının Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) Enerji Bağlantıları üzrə Ekspert İşçi Qrupunun 17-ci iclasında və Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Ekspert İşçi Qrupunun 15-ci iclasında iştirak edib.
Renewables-a bu barədə BOEMDA-dan bildirilib.
Rafiq Məmmədov “Azərbaycanın COP29 öhdəliyi: Yaşıl Enerji Zonaları və Dəhlizləri” mövzusunda çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji potensialı, yaşıl enerji zonaları və Avropaya yaşıl enerji ixracı üçün nəzərdə tutulan strateji dəhlizlər barədə məlumat verilib.
Qeyd edək ki, iclaslar BMT Konfrans Mərkəzində 13-14 may tarixlərində keçirilib. 17-ci iclasın əsas mövzusu Enerji Sistem Bağlantıları üzrə Regional Yol Xəritəsinin yeni mərhələ hədəflərinin işlənib hazırlanması, 15-ci iclas isə hava çirklənməsi ilə Dayanıqlı İnkişaf Məqsədi 7 arasındakı əlaqələrə həsr olunub.
