Azərbaycanda həyata keçirilən iri enerji layihələri nəticəsində bərpa olunan enerjinin ölkənin enerji balansındakı payının hazırkı 13 %-dən təxminən 38 %-ə çatdırılması gözlənilir.
Yerli medianın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.
"Həyata keçirilən layihələrdən biri ildə 500 milyon kilovat-saat enerji istehsal edəcək. Eyni zamanda, "ACWA Power" şirkətinin icra etdiyi Xızı-Abşeron külək elektrik stansiyası layihəsi regionun ən böyük külək enerjisi layihəsinə çevriləcək. Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Bakı İqlim və Sülh Mərkəzi ilə birlikdə WUF13 çərçivəsində "Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri" təşəbbüs paketini təqdim etməyi planlaşdırır. Təşəbbüs dayanıqlı bərpa və yenidənqurma üzrə beynəlxalq standartların dəstəklənməsinə xidmət edəcək".
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir. Region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub. Layihələr çərçivəsində bərpaolunan enerji, ekoloji yanaşmalar və müasir şəhərsalma prinsipləri əsas prioritetlərdəndir”, - deyə A.Quliyev vurğulayıb.
