Azərbaycanın Avstriya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) arasında təmiz hidrogen iqtisadiyyatının inkişafı mövzusunda onlayn görüş keçirilib.
Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Görüşdə BOEMDA-nın direktor müavini Rəna Hümbətova və UNIDO-nun Avropa və Mərkəzi Asiya üzrə regional bürosunun rəhbəri Solomiya Omelian, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) direktoru Aysel Yaqubova və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Görüşün əsas məqsədi Azərbaycanda təmiz hidrogen sahəsində bilik və bacarıqların artırılmasına dair regional platformanın yaradılması, həmçinin mümkün pilot layihələrin həyata keçirilməsi üçün texniki dəstək imkanlarının müzakirəsi olub. UNIDO tərəfindən həyata keçirilən “Global Clean Hydrogen Programme” çərçivəsində Azərbaycan üzrə sənaye sektoru, o cümlədən dəniz nəqliyyatı sahəsində təmiz hidrogen texnologiyalarının tətbiqi istiqamətində institusional və sənaye potensialının gücləndirilməsi, yerli təchizat zəncirinin inkişafı, müvafiq standartların və təhlükəsizlik tələblərinin hazırlanması, habelə təlim proqramlarının təşkili ilə bağlı ilkin danışıqlar aparılıb.
Görüşdə eyni zamanda Azərbaycanda təmiz hidrogen layihəsinin icrası, dayanıqlı aviasiya yanacağının istehsalı (SAF) istiqamətində əməkdaşlıq və dəstək imkanları, dənizçilik sahəsində həyata keçirilən qlobal təşəbbüsün milli səviyyədə əlaqələndirilməsi, potensial alıcıların prosesə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılıb.
