“Bakı Enerji Həftəsi” çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Azərbaycan Respublikası Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiyada Enerji keçidi üzrə növbəti İnvestisiya Forumu keçirilib.
Forumun açılışında çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə COP29 çərçivəsində təşkil olunan Forum artıq enerji keçidi, investisiyalar və regional əməkdaşlıq üzrə davamlı dialoq platformasına çevrilib. Nazir qeyd edib ki, IRENA tərəfindən irəli sürülən APRECA təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpa olunan enerji və kritik materiallar sahəsində əlaqəliliyin gücləndirilməsi, enerji keçidinin sürətləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır. Qeyd olunub ki, enerji təhlükəsizliyi, iqlim hədəfləri, texnoloji yeniliklər və artan enerji tələbatı qlobal enerji sistemində yeni reallıqlar formalaşdırır. Süni intellekt və data mərkəzlərinin sürətli inkişafı elektrik enerjisinə tələbatı artırarkən, enerji sistemlərinin və şəbəkələrin bu transformasiyaya uyğunlaşdırılması əsas prioritetlərdən birinə çevrilib.
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyasının ən mühüm təşəbbüslərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişi “Transxəzər Enerji Dəhlizi”nin yaradılması istiqamətində mühüm əsas formalaşdırıb. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək strateji əhəmiyyətli “Transxəzər Enerji Dəhlizi”nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır. Eyni zamanda, bu layihə Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin “yaşıl enerji körpüsü” kimi inkişafına geniş imkanlar yaradır.” - deyə nazir bildirib.
Forumun açılışında IRENA-nın baş direktoru Françesko La Kamera ilə yanaşı, COP31-ə ev sahibliyi edəcək Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da çıxış edib.
Forum APRECA regionunda bərpa olunan enerji əsaslı enerji keçidinin təşviqinə dair Nazirlər Dialoqu ilə davam edib. Enerji keçidinin maliyyələşdirilməsi, regional enerji bağlantılarının inkişafı, bərpa olunan enerji layihələrinə investisiyaların təşviqi və Mərkəzi Asiya ilə qonşu regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, Qırğızıstanın energetika naziri Taalaybek İbrayev, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Şərif Səfərəli Məhmədzoda, həmçinin “ACWA Power” şirkəti, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və UNIDO təşkilatının nümayəndələri iştirak edib. BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) İcraçı katibi Armida Salsiya Alişahbana isə Foruma videoformatda qatılıb.
Tədbir çərçivəsində Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirən “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi” sənədi də təqdim edilib.
