"Yaşıl Dəhliz Birliyi" və "China Southern Power Grid" Anlaşma Memorandumu imzalayıb

27 Oktyabr 2026, 11:05 (UTC+4)
ÖLKƏ • YAŞIL ENERJİ DƏHLİZİ
EDITOR
image
Foto: Yaşıl Dəhliz Birliyi

“Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsi ilə Çinin “China Southern Power Grid” şirkəti arasında transsərhəd enerji infrastrukturunun inkişafı və yüksək gərginlikli elektrik enerjisi ötürülməsi layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Renewables.Az “Yaşıl Dəhliz Birliyi”nə istinadla xəbər verir ki, bu məqsədlə oktyabrın 21–24-də Çinin Quançjou şəhərinə səfər həyata keçirilib.

Səfər çərçivəsində “China Southern Power Grid Company Limited” şirkətinin nümayəndələri ilə strateji əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib. Həmçinin Quandun əyalətində yerləşən Suidong və Huizhou Longmen çevirici yarımstansiyalarına texniki baxış təşkil olunub. Səfər iştirakçıları Çinin ultra yüksək gərginlikli elektrik enerjisi ötürülməsi texnologiyaları və irimiqyaslı elektrik şəbəkələrinin inteqrasiyası sahəsində təcrübəsi ilə tanış olublar.

Əməkdaşlıq çərçivəsində mühüm addımlardan biri “China Southern Power Grid Company Limited International (HK) Co., Limited” və “Green Corridor Alliance” arasında Anlaşma Memorandumunun imzalanması olub.

Memorandum Xəzər regionunda yüksək gərginlikli elektrik enerjisi ötürülməsi layihələrinin texniki-iqtisadi əsaslandırılması ilə bağlı birgə təhlil və tədqiqatların aparılmasını, eləcə də məsləhət xidmətləri və digər əməkdaşlıq imkanlarının araşdırılmasını nəzərdə tutur.

Səfər zamanı “China Southern Power Grid International (HK)” şirkətinin vitse-prezidenti Gong Yu ilə də görüş keçirilib. Görüşdə potensial biznes modelləri, uzunmüddətli tərəfdaşlıq imkanları, texniki dəstək, mühəndislik təcrübəsinin tətbiqi və kapital xərclərinin (CAPEX) optimallaşdırılması yolları müzakirə olunub.

Əməkdaşlığın Çinin yüksək gərginlikli elektrik enerjisi ötürülməsi sahəsində geniş təcrübəsindən faydalanmağa, regional enerji bağlantılarının gücləndirilməsinə və strateji yaşıl enerji dəhlizlərinin inkişafına töhfə verəcəyi gözlənilir.

Renewables.az
1 / 2