Çində Azərbaycanın bərpa olunan enerji və enerji saxlanc sistemlərinin inkişafı təqdim olunub

27 Oktyabr 2026, 11:39 (UTC+4)
ÖLKƏ • ENERJİ SAXLAMA
EDITOR
image
Foto: Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Fəqan Abdurəhmanov və böyük məsləhətçisi Habil Abdullayev Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən "Enerji Saxlama üzrə Əlaqəlilik İnvestisiya Konfransı"nda iştirak ediblər.

Renewables.Az BOEMDA-ya istinadla xəbər verir ki, konfransın birinci günü Çinin enerji saxlama sektorunun vəziyyəti və tendensiyaları ilə bağlı sessiyalar keçirilib.

Çinin aparıcı şirkətləri və CNESA nümayəndələri tərəfindən iri miqyaslı enerji saxlama sistemlərinin iqtisadi və ekoloji dəyərləri, batareya elementindən tam elektrik stansiyasınadək iqtisadi gəlirlilik məsələləri barədə təqdimatlar edilib. Həmçinin, Banqladeş, Çili, Qırğızıstan, Nigeriya və Pakistan nümayəndələrinin iştirakı ilə ölkə üzrə dəyirmi masa müzakirələri təşkil olunub.

BOEMDA-nın direktor müavini Fəqan Abdurəhmanov “Developing Markets – Part 2” sessiyası çərçivəsində “Azərbaycanda bərpa olunan enerji və BESS-in inkişafı” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində görülən işlər, enerji saxlama sistemlərinin ölkənin enerji sisteminə inteqrasiyası istiqamətində perspektivlər və bu sahədə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verilib. Təqdimatdan sonra panel müzakirələr zamanı konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfransın ikinci günü inkişaf etməkdə olan bazarlarda enerji sektorunun vəziyyəti və tendensiyaları, enerji saxlamanın maliyyə modelləri və investisiyaları, eləcə də enerji saxlama üzrə siyasət, tənzimləmə və bazar mexanizmləri mövzularında sessiyalar keçirilib. Sessiyalarda Fici, Qazaxıstan, Özbəkistan və digər ölkələrin təcrübəsi, batareya enerji saxlama sistemlərinin (BESS) layihələndirilməsi barədə təqdimatlar edilib.

Renewables.az
1 / 5