Cavid Abdullayev: "Damüstü günəş panelləri Azərbaycanda hər il 11,8 TVts-dan çox elektrik enerjisi istehsal edə bilər"

AZƏRBAYCAN

image

Azərbaycanda paylanmış günəş enerjisinin potensialından indiyədək az istifadə olunub.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Bakıda 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı bildirib.

"Azərbaycan üçün paylanmış günəş enerjisinin potensialı hələ də reallaşdırılmamış olaraq qalır, eyni zamanda bu, dekarbonizasiya prosesinin sürətləndirilməsi üçün əhalinin və biznes sektorunun enerji keçidinə cəlb olunması ilə müşayiət olunan ən perspektivli imkanlardan biridir", - C.Abdullayev qeyd edib.

Agentliyin rəhbəri həmçinin sərgidə ölkənin doqquz strateji əhəmiyyətli şəhərində damüstü günəş fotovoltaik qurğularının potensialının hərtərəfli və son dərəcə dəqiq təhlilinin nəticələrini təqdim edib.

"Müasir peyk görüntülərinin, geoməkan texnologiyalarının və dərin öyrənmə metodlarının tətbiqi Azərbaycanda şəhər tikililərində günəş enerjisi resurslarının qiymətləndirilməsində yüksək dəqiqliyə nail olmağa imkan verib. Araşdırma zamanı öyrənilən şəhərlərdə damüstü günəş panellərinin texniki potensialı təxminən 9,4 giqavatt müəyyən edilib ki, bu da ildə 11,8 teravatt/saatdan çox ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalına imkan verir. Bu göstəricilər təsdiq edir ki, damüstü günəş enerjisi Azərbaycanın perspektiv enerji balansının mühüm tərkib hissəsinə çevrilə, iqlim və enerji məqsədlərimizə nail olmağa əhəmiyyətli töhfə verə bilər. Bununla yanaşı, görülmüş işin əhəmiyyəti əldə edilmiş göstəriciləri xeyli üstələyir", - C.Abdullayev vurğulayıb.



OXŞAR XƏBƏRLƏR