Rumıniya və Azərbaycan arasında enerji sahəsində möhkəm strateji dialoq qurulub.
Bunu “Report”a eksklüziv müsahibəsində Rumıniyanın yeni təyin olunmuş energetika naziri Boqdan-Qruya İvan bildirib.
Rumıniyalı nazir bildirib ki, son illərdə xüsusilə bərpa olunan enerji mənbələri sahəsində qarşılıqlı əlaqələr fəal şəkildə inkişaf edir ki, bu da dayanıqlı inkişaf və "yaşıl keçid" gündəliyinə tam uyğundur.
"Hazırda günəş və ya külək enerjisi sahəsində konkret birgə layihələr müzakirə olunmasa da, hər iki tərəf bu cür əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib... Qara dəniz üzərindən "Yaşıl Enerji Dəhlizi" və Rumıniya sahilində LNG terminalının tikintisi kimi flaqman təşəbbüslər çərçivəsində Azərbaycanla əməkdaşlığımız da olduqca vacibdir. Biz birlikdə həm ənənəvi enerji, həm də bərpa olunan enerji mənbələri sahəsində həllər işləyib hazırlayırıq... Rumıniya və Azərbaycan arasında enerji tərəfdaşlığının strateji xarakterini nəzərə alaraq, biz həm ənənəvi qaz hasilatı və nəqli, həm də "yaşıl enerji" ilə bağlı yeni sektorlarda birgə layihələr üçün yüksək potensial görürük. Belə təşəbbüslər Rumıniyanın mənbələrin şaxələndirilməsi, emissiyaların azaldılması və enerji keçidinin sürətləndirilməsi kursuna tam uyğundur..." - nazir müsahibəsində deyib.
Nazir qeyd edib ki, Rumıniya təbii qazın idxalını, "yaşıl enerji”nin ötürülməsini, Qara dəniz bölgəsində enerji nəqli infrastrukturunun inkişafını və regional enerji təhlükəsizliyinin təmin edilməsini Azərbaycanla əməkdaşlığın ən perspektivli sahələri hesab edir: "Bu istiqamətlər Avropa İttifaqının prioritetlərinə tam uyğundur və ümumi məqsədə - Avropada daha dayanıqlı, müstəqil və ekoloji yönümlü enerji arxitekturasının yaradılmasına xidmət edir".