Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində energetika naziri Pərviz Şahbazov çıxış edib.
Renewables.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, P.Şahbazov Sammit iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və təbriklərini çatdırıb.
Çıxışda rəqəmsal iqtisadiyyatın inkişafı və fasiləsiz elektrik təchizatına tələbatın yüksəlməsinin təbii qazın enerji sistemlərində etibarlılıq və çevikliyin təminatçısı kimi rolunu gücləndirdiyi vurğulanıb.
Qeyd edilib ki, qlobal qaz bazarında rəqabət qabiliyyəti artıq yalnız qiymətlə deyil, təchizatın davamlılığı və marşrutların təhlükəsizliyi ilə də müəyyən olunur. Etibarlı enerji təchizatı üçün hasilat və nəql infrastrukturuna vaxtında investisiyaların yatırılması, uzunmüddətli müqavilələr, aydın bazar perspektivləri və əlçatan maliyyələşdirmə mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın enerji siyasətindən bəhs edən nazir Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin yeni təchizat marşrutları, bazarların şaxələndirilməsi və uzunmüddətli tərəfdaşlıq baxımından strateji əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, 20 ilə yaxındır qaz ixrac edən Azərbaycan son 6 il ərzində Avropa bazarında təchizat coğrafiyasını genişləndirərək Mərkəzi Avropaya, eləcə də Yaxın Şərqə çıxış əldə edib. Hazırda 16 ölkəyə qaz tədarük edən Azərbaycan boru kəmərləri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada ön sıralarda yer alır. İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyarddan, Gürcüstana 37 milyarddan çox, Suriyaya isə 1,7 milyard kubmetr qaz ixrac edilib.
Nazir Azərbaycanın enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyətin uzlaşdırılmasına əsaslanan siyasət həyata keçirdiyini bildirib. Azərbaycan Prezidentinin yaşıl keçidə sadiqliyin enerji reallıqlarına praqmatik yanaşma ilə tamamlanmasının vacibliyinə dair mövqeyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan təbii qaz və bərpa olunan enerji mənbələrini paralel inkişaf etdirməklə daxili enerji təchizatını gücləndirir, ixrac üçün əlavə resurslar formalaşdırır.
Sonda Azərbaycanın GECF çərçivəsində əməkdaşlığın gücləndirilməsinə və qarşılıqlı faydalı enerji tərəfdaşlığının inkişafına sadiqliyi ifadə olunub.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın sabit və etibarlı tərəfdaş olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fəal dialoq aparıldığını qeyd edib.