Regional əlaqələndirmə üçün transsərhəd bərpa olunan enerji sertifikatları müzakirə edilib

8 sentyabr 2026, 15:19 (UTC+4)
ÖLKƏ
EDITOR
image
© Baku Climate Action Week

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) təşkilatçılığı ilə “Regional əlaqələndirmə üçün sərhədlərarası bərpa olunan enerji sertifikatları” adlı panel sessiyası təşkil olunub.

Renewables.az bu barədə BOEMDA-ya istinadən xəbər verir.

Energetika nazirinin müavini Orxan Zeynalov giriş sözü ilə çıxış edərək Azərbaycanın yaşıl enerji potensialının regional və beynəlxalq bazarlara çıxarılması, eləcə də bu prosesdə etibarlı sertifikatlaşdırma mexanizmlərinin əhəmiyyətindən danışıb. Orxan Zeynalov çıxışında bildirib ki, Azərbaycan transsərhəd bərpa olunan elektrik enerjisi ticarətinin inkişafı üçün milli sertifikatlaşdırma sistemlərinin beynəlxalq qaydalara uyğunlaşdırılmasını təmin edən regional mexanizmin yaradılmasını təklif edir.

Energetika Nazirliyinin şöbə müdiri Əşrəf Şıxəliyevin moderatorluğu ilə keçirilən sessiyada regional yaşıl enerji dəhlizlərinin inkişafı, transsərhəd bərpa olunan elektrik enerjisi ticarəti və bərpa olunan enerji sertifikatlarının bu prosesdə rolu müzakirə olunub.

BOEMDA-nın direktor müavini Rəna Hümbətova sessiyada çıxış edərək bərpa olunan enerji sertifikatlaşdırılması, izlənilməsi və müxtəlif ölkələr arasında qarşılıqlı tanınmasının regional enerji bağlantılarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Rəna Hümbətova bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydasının artıq Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini və hazırda milli reyestrin hazırlanması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb.

Müzakirələrdə regionun yaşıl enerji dəhlizləri üçün sertifikatlaşdırma və izləmə tələbləri, həmçinin etibarlı milli və regional sertifikatlaşdırma və reyestr sistemlərinin yaradılması ilə bağlı ölkələr arasında institusional səviyyədə dialoqların aparılması üçün müvafiq platformanın yaradılması tövsiyə olunub.

Panel sessiyada Avstraliya Hökumətinin İqlim Dəyişikliyi, Enerji, Ətraf Mühit və Su Departamenti, Dünya Bankı, “PwC” və "Deloitte & Touche" şirkətlərinin nümayəndələri iştirak ediblər.