İstanbulda "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi" üzrə nazirlərin 3-cü iclası keçirilib

AZƏRBAYCAN
YAŞIL ENERJİ DƏHLİZİ

image

İstanbul Təbii Sərvətlər Zirvəsi (INRES 2026) çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə nazirlərin 3-cü görüşü keçirilib.

Energetika Nazirliyinin məlumatına görə, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkiyəni energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Bolqarıstanı isə energetika nazirinin müavini Kiril Temelkov təmsil edib.

Görüşdə COP29 çərçivəsində Bakıda “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi”nin yaradılması təşəbbüsünün irəli sürüldüyü və layihənin “Texniki Tapşırıq” sənədinin (ToR) hazırlanaraq tamamlandığı qeyd olunub. Elektrik enerjisinə artan tələbat və elektrik enerjisi bağlantılarının strateji əhəmiyyətinin güclənməsi kontekstində bu layihənin reallaşdırılmasının vacibliyi vurğulanıb. Prosesin sürətləndirilməsi məqsədilə zəruri tədbirləri əhatə edən Yol Xəritəsinin qısa müddətdə hazırlanması razılaşdırılıb.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” 4 aprel 2025-ci il tarixində Bakıda imzalanıb.

Renewables.az


OXŞAR XƏBƏRLƏR