Azərbaycan Respublikasının sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (TEM) İcraiyyə Şurasının birinci iclası keçirilib.
TEM-dən Renewables-a verilən məlumata görə, iclasda Təşkilata üzv olan dövlətləri təmsil edən nümayəndələr — Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Pakistan İslam Respublikası, Türkiyə Respublikası və Özbəkistan Respublikası — həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin müavini və TEM-in İcraçı direktoru iştirak edib.
İclas gündəliyin qəbul edilməsi ilə açılıb. Sonra İƏT Baş katibinin müavini Erjan Mukaş çıxış edib. Mukaş TEM-in regional platforma kimi bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı, enerji səmərəliliyinin artırılması və İƏT regionunda təmiz enerji keçidinin sürətləndirilməsi baxımından strateji əhəmiyyətini vurğulayıb.
TEM-in icraçı direktoru Aysel Yaqubova Mərkəzin 2025-ci ilin noyabrında rəsmi fəaliyyətə başlamasından etibarən həyata keçirilən fəaliyyətlər barədə əhatəli məlumat təqdim edib. O, əsas institusional nailiyyətləri, beynəlxalq və regional tərəfdaşlarla davam edən əməkdaşlıqları, eləcə də enerji sahəsində regional və qlobal təşəbbüslərdə Mərkəzin iştirakını diqqətə çatdırıb. İcraçı direktor həmçinin 2026-cı ilin may–dekabr dövrü üçün Mərkəzin Fəaliyyət Planını təqdim edib.
Azərbaycan Respublikası Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev TEM-in ev sahibi ölkə qismində Azərbaycan Hökuməti tərəfindən Mərkəzin institusional və logistik fəaliyyətinin təmin olunması istiqamətində görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb. O, həmçinin son bir il ərzində Azərbaycanın bərpa olunan enerji sektorunda əldə etdiyi mühüm irəliləyişləri diqətə çatdırıb.
Pakistan İslam Respublikası Energetika Nazirliyinin müştərək katibi Məhəmməd Xalid Xan və Qırğız Respublikasının Energetika nazirinin müavini xanım Usenova Nazgul çıxış edərək Mərkəzin fəaliyyətinə dəstəklərini ifadə edib, eləcə də ölkələrində bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində həyata keçirilən işlər barədə məlumat veriblər.
İclasda iştirak edən Energetika nazirliklərinin rəsmiləri tərəfindən İƏT TEM-in əldə etdiyi irəliləyişlər təqdir olunub və təqdim olunan Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji Səmərəliliyi və Ətraf Mühit Departamentinin rəhbəri Bilal Düzgün Mərkəzin fəaliyyətini yüksək qiymətləndirib və regional koordinasiyanın gücləndirilməsi, bilik mübadiləsinin təşviqi və tərəf dövlətlər arasında inkişaf mexanizmlərinin irəlilədilməsi istiqamətində Mərkəzin fəaliyyətinə dəstək məqsədilə müvafiq təklifləri təqdim edib.
İcraiyyə Şurası TEM-in inzibati və maliyyə idarəetmə çərçivəsinin hərtərəfli, şəffaf və qaydalara əsaslanan şəkildə formalaşdırılması məqsədilə hazırlanmış Heyət haqqında əsasnamə və Maliyyə qaydalarının layihələrini nəzərdən keçirib.
İclas çərçivəsində həmçinin gələcək fəaliyyət istiqamətləri və Türkiyə Respublikasında keçiriləcək COP31 tədbirinə hazırlıq məsələləri müzakirə olunub.
Sonda İcraiyyə Şurasının növbəti iclasına dair hazırlıq addımları nəzərdən keçirilib.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (TEM) İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərdə təmiz enerji təşəbbüslərinin inkişafına dəstək göstərən regional mərkəzdir. Qərargahı Bakı şəhərində yerləşən TEM, İƏT və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (UNIDO) tərəfindən təsis edilmiş və UNIDO-nun Regional Dayanıqlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinə (GN-SEC) inteqrasiya olunmuşdur. Mərkəzin əsas missiyası üzv ölkələrdə bərpa olunan enerji və enerji səmərəliliyinin təşviqi, aidiyyəti layihələr üçün maliyyə və texniki resursların səfərbər edilməsi, həmçinin əməkdaşlıq və potensialın gücləndirilməsi vasitəsilə iqlim fəaliyyətinin təşviq edilməsidir.
