"Xəzər-Qara dəniz-Avropa" Yaşıl Enerji Dəhlizi layihəsi üzrə fəaliyyət göstərən "Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti"nin (GECO) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Renewables xəbər verir ki, bu barədə şirkət sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, iclasda əvvəlki görüşdən sonra əldə olunan irəliləyiş, tərəfdaşlarla əməkdaşlıq və layihənin icra vəziyyəti nəzərdən keçirilib. Eyni zamanda, 2026-cı ilin iyun ayının sonunda Bakıda keçiriləcək Nazirlər Görüşünə hazırlıq, 2027–2028-ci illər üzrə büdcə planlaşdırılması və Qara dəniz dibi üzrə texniki tədqiqat məsələləri müzakirə edilib.
Layihənin inkişaf strategiyası iclasın əsas mövzularından biri olub. Bu çərçivədə "Xlinks" və "Zhero" şirkətlərinin nümayəndələri mümkün əməkdaşlıq modelləri və növbəti mərhələlər üzrə təqdimatlar edib.
Direktorlar Şurası təqdim olunan təklifləri qiymətləndirərək layihənin gələcək strateji istiqamətlərini müəyyənləşdirib. Texniki-iqtisadi əsaslandırmanın yekun mərhələsinə yaxınlaşdıqca diqqətin layihənin praktiki icrasına yönəldildiyi bildirilib.
Yaşıl Enerji Dəhlizi təşəbbüsü Cənubi Qafqaz ilə Avropa arasında enerji əməkdaşlığının genişləndirilməsi və bərpa olunan enerjinin inteqrasiyasını hədəfləyir.
